Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması xüsusi əhəmiyyət daşıyır. Müəyyən edilmiş qaydalara əsasən, bazarlarda satılan qida məhsulları müvafiq sənədlərlə müşayiət olunmalı, gigiyenik şəraitdə saxlanmalı və istehlakçılara təhlükəsiz halda təqdim edilməlidir. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir. Qida məhsullarının saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Tez xarab olan məhsullar, o cümlədən ət və süd məhsulları uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanmalıdır. Çiy və hazır məhsulların ayrı saxlanılması təmin edilməli, məhsulların çirklənmədən qarşısı alınmalıdır. Satış yerlərində sanitariya və gigiyena qaydalarına riayət olunması da mühüm şərtlərdəndir. Satıcılar təmiz iş geyimindən (əlcək, xalat, baş örtüyü) istifadə etməli, satış sahələri müntəzəm təmizlənməli və dezinfeksiya edilməlidir. Həmçinin tullantıların yığılması üçün qapalı konteynerlərin olması vacibdir. Eyni zamanda qida məhsullarının satışı ilə məşğul olan şəxslərin sağlamlıq vəziyyəti də nəzarətdə saxlanılmalıdır. Satıcılar tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayışa malik olmalıdır. Bazarlarda mövcud vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmalıdır. Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək bildirir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması və satışı təmin olunmalıdır. Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçılara qida məhsullarının qablaşdırıldığı materialların mümkün zərərlərinə məruz qalmamaq üçün şüşə, saxsı, taxta qablardan və ya kağız torbalardan istifadə etmək tövsiyə olunur. Həmçinin soyuduculardakı yeməklərin saxlandığı qabların üstünün polietilen material ilə deyil, qapaqla bağlanması arzuolunandır. Eyni zamanda qidaları, xüsusilə meyvə və tərəvəzləri plastik qablarda saxlamamaq, sobada bişirilən yeməklərin üstünü folqa ilə örtməmək, şüşə və ya çini (farfor) qablardan istifadə etmək məsləhət görülür. Qeyd edək ki, istehsal, emal, qablaşdırılma, daşınma, saxlanma və istehlak zamanı istifadə edilən qabların qida məhsulları ilə birbaşa təmasda olan, yəni qidaya toxunan hissəsi “qida ilə təmas edən material” adlandırılır. Qida ilə təmas edən istənilən material isə insan sağlamlığına mənfi təsir edə biləcək kimyəvi maddələri qida məhsuluna buraxmamalıdır. Bunun üçün də müvafiq qablaşdırma materialları mütləq texniki normativ aktlarla müəyyənləşdirilən tələblərə cavab verməlidir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Vəhşi və ev quşlarından götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisləri tərəfindən maarifləndirici təlimlər davam etdirilir. “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr olunmuş növbəti təlimdə iştirakçılara müəssisə fəaliyyətinin qüvvədə olan qanunvericiliyin, eləcə də sanitariya-gigiyena normalarının tələblərinə uyğun şəkildə təşkili barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində qida təhlükəsizliyində şəxsi gigiyenanın rolu, təmizlik qaydalarına riayət olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, zərərvericilərə qarşı mübarizə tədbirləri, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları iştirakçılara ətraflı izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təlimi uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.
Novruz bayramı süfrələrinin bol çeşidli yeməklər və ənənəvi şirniyyatlarla zəngin olması hər kəsə məlumdur. Lakin bu bolluq fonunda düzgün və balanslı qidalanma prinsiplərinə riayət etmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, bayram günlərində həddindən artıq qida qəbulu mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər. Qarın ağrısı, həzm pozuntuları və ağırlıq hissi bu dövrdə ən çox rast gəlinən problemlər sırasındadır. Bu səbəbdən qidalanmada diqqətli olmaq vacibdir. Balanslı qidalanma üçün hər yeməkdə zülal, yağ, karbohidrat və lif tərkibli qidaların uyğun nisbətdə qəbul edilməsi tövsiyə olunur. Mövsümi tərəvəz salatlarının süfrədə yer alması həm toxluq hissini artırır, həm də həzmi asanlaşdırır. Həmçinin bir yemək zamanı həddindən artıq çeşid istehlakından uzaq durmaq məqsədəuyğundur. Qidaların seçiminə gəldikdə qızardılmış yeməklər əvəzinə sobada bişmiş ət və balıq məhsullarına üstünlük verilməlidir. Salatlarda mayonez yerinə qatıq, xama və ya kefir əsaslı souslardan istifadə daha sağlam seçim hesab edilir. Xüsusilə balıq yeməklərinin tez istehlak olunması məsləhətdir. Novruzun ayrılmaz hissəsi olan şirniyyatlar – şəkərbura, paxlava və digər təamlar yüksək kalorili olduğundan porsiyalara nəzarət edilməlidir. Xörəkdən dərhal sonra şirniyyat yemək çəki artımına səbəb yaradır. Eyni zamanda, çərəzlərin gündəlik kalori qəbulunu artırdığı nəzərə alınmalı və miqdarı məhdudlaşdırılmalıdır. Qidalanma zamanı davranış qaydaları da mühüm rol oynayır. Yeməklərin yavaş yeyilməsi doyma siqnalının vaxtında yaranmasına kömək edir və həddindən artıq yemənin qarşısını alır. Suyun isə yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə içilməsi faydalıdır. Bundan əlavə, bayram günlərində fiziki aktivliyi qorumaq önəmlidir. Gəzintilər və yüngül idman hərəkətləri artıq qida qəbulunun mənfi təsirlərini minimuma endirir. Sağlam qidalar seçmək, porsiyalara nəzarət etmək və aktiv həyat tərzini davam etdirməklə Novruz bayramını həm ləzzətli, həm də sağlam keçirmək mümkündür. Bayramınız mübarək!
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının mütəxəssislərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Россельхознадзор”) tabeliyində olan Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») Tver sınaq laboratoriyasında olublar. Səfərin məqsədi nəzarət olunan məhsulların tədqiqat metodlarının harmonizasiyası, təcrübə mübadiləsi və iki ölkənin laboratoriya xidmətləri arasında peşəkar əlaqələrin gücləndirilməsi olub. AQTİ nümayəndələri laboratoriyanın aparıcı şöbələrinin fəaliyyəti ilə, həmçinin tədqiqatlar zamanı istifadə olunan müasir analitik avadanlıqlar və tətbiq edilən metodlarla tanış olublar. Görüş zamanı Rusiyada ət və ət məhsullarının tədqiqində istifadə olunan parazitoloji metodların müzakirəsi olub. AQTİ nümayəndələrinə bu tədqiqatların aparılması zamanı işin təşkili göstərilib, o cümlədən bu sahədə tətbiq edilən avadanlıq və üsullar, eləcə də PZR metodu təqdim edilib. AQTİ nümayəndələri “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirərək, ət məhsullarının parazitoloji nəzarəti sahəsində birgə tədqiqatların aparılması da daxil olmaqla, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyasını dəstəkləyir. Millət vəkilinin sözlərinə görə, bu kampaniya həm ərzaq, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, 6 ayı tamam olmamış quzuların kəsilməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər bu məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdırlar. “Quzuların erkən yaşda kəsilməsi fermerlərə qısa müddətdə müəyyən gəlir gətirsə də, uzunmüddətli perspektivdə onların fəaliyyət imkanlarını məhdudlaşdırır. Xüsusilə dişi quzuların kəsilməsi təbii artımın qarşısını alır və heyvandarlığın inkişafına mənfi təsir göstərir”, – deyə deputat bildirib. Qeyd edək ki, layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq. Link:
İdxal olunan əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC, “Agroma” MMC, “Amogrovv” MMC və fiziki şəxs Eldarov Nahid Xanlar oğlunun Türkiyədən idxal etdiyi şaftalı, nektarin, gilas tingindən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb. Faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib. Qeyd edək ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 20-si saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 19-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizə tədbirləri planı çərçivəsində Agentliyin əməkdaşları aidiyyatı qurumların iştirakı ilə Göygöl rayonunun Qızılqaya və Firuzabad qəsəbələrində qəsəbə sakinləri ilə maarifləndirici söhbətlər aparıb. Həmçinin zərərvericinin qışlama yerlərinə baxış keçirilib, aşkarlanan zərərvericilər mexaniki üsulla məhv edilib. Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşların, yerli sakinlərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Zərərvericinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri uçmaqla 35-100 km-dək məsafə qət edə bilir. Evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Sakinlər payız-qış mövsümündə bağacığın qışlama yerlərini aşkar edib fərdlərini toplayaraq məhv etdikdə, onun populyasiyası növbəti mövsümdə əhəmiyyətli dərəcədə azala bilər.
Multimedia
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?
Giriş