Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində fəaliyyət göstərən Kərimli Oqtay Seymur oğluna məxsus “Mandarin” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə satış sahəsinin divar və tavan səthlərinin təmirli olmadığı, işçilərin soyunub-geyinməsi üçün otağın təşkil edilmədiyi, əllərin yuyulması üçün əl yuma çanağının təşkil edilmədiyi, təmizlik vasitələrinin saxlanması üçün ayrıca sahənin təşkil edilmədiyi, mexaniki və avtonom havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə “Təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası” üzrə aidiyyəti məsul şəxslər arasında onlayn görüş keçirilib. Tədbir çərçivəsində Konvensiyanın əsas müddəaları və mexanizmləri, xüsusilə əvvəlcədən əsaslandırılmış razılıq (Prior Informed Consent - PIC) proseduru barədə təqdimat edilib. Eyni zamanda ölkəmizdə pestisidlərin qeydiyyatı, dövriyyəsinə nəzarət, 238 adda qadağan edilmiş və məhdudlaşdırılmış pestisidlərə dair təsiredici maddələrin siyahısının təsdiqi, eləcə də idxal-ixrac əməliyyatlarının tənzimlənməsi sahəsində tətbiq olunan yanaşmalar barədə məlumat verilib. Görüş zamanı Konvensiyanın öhdəliklərinin effektiv icrası, institusional mexanizmlərin formalaşdırılması və aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin təşkili məsələləri müzakirə olunub.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. Bununla yanaşı, sosial şəbəkələr üzərindən qeydiyyatsız və qeyri-qanuni formada satış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları zəruridir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş və qida təhlükəsizliyi sahəsində tələblərə cavab verən idmançı qidaları və BAQM-lar Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Həmçinin, BAQM-ların emalına və dövriyyəsinə həmin məhsulların Agentlik tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır. Sahibkarlara tövsiyə olunur ki, satışa təqdim etdikləri məhsulların mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədləri təmin etsinlər, etiketlənmə qaydalarına ciddi əməl etsinlər və istehlakçıları yanlış yönləndirə biləcək məlumatların yayılmasına yol verməsinlər. Bildiririk ki, Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görülür. Sahibkarların bu tələblərə əməl etməsi həm istehlakçıların sağlamlığının qorunmasına, həm də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir. Ətraflı:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, A.Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Lətif Əlif oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib.
Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əskərov Əhəd Maqsud oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı marketdə bir sıra nöqsanlar müəyyən edilib, yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb. Həmçinin obliqat qrupuna aid işçinin tibbi müayinədən keçmədiyi məlum olub. Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, tibbi müayinədən keçməyən işçinin kənarlaşdırılması və istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Nasar Hayat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Erkən kəsimə son” maarifləndirmə kampaniyasına qoşulub. Nasar Hayat bildirib ki, heyvanlar qida sistemlərinin mühüm tərkib hissəsini təşkil edir və süd məhsulları, eləcə də ətin təmin olunmasında əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, hər gün çoxlu sayda heyvan böyümək, nəsil vermək və ya istehsal dövriyyəsinə tam şəkildə töhfə vermək imkanı əldə etmədən kəsilir. “Erkən kəsim yalnız qida məsələsi deyil, eyni zamanda düzgün vaxtın seçilməsidir. Heyvanlara yetkinliyə çatmaq imkanı verildikdə isə onlar daha sağlam nəsil yetişdirilməsinə, daha yüksək qida dəyərinin təmin olunmasına, daha güclü və dayanıqlı sistemlərin formalaşmasına, eləcə də ümumi keyfiyyətin yaxşılaşdırılmasına daha çox töhfə verirlər”. FAO rəsmisi vurğulayıb ki, istehlakçılar yalnız nə istehlak etdikləri ilə deyil, həm də qəbul etdikləri qərarlarla seçim edirlər. Onun sözlərinə görə, daha uzunmüddətli dayanıqlılığın seçilməsi daha müsbət nəticələrə nail olunmasına şərait yaradır. Ətraflı:
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində restoran, kofe-şop və keytrinq şirkətlərinin qida ilə təmasda olan əməkdaşları üçün təlim təşkil olunub. Qida təhlükəsizliyi və gigiyena tələblərinə dair keçirilən təlim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Təlim zamanı iştirakçılara qida zənciri barədə ümumi məlumat verilib, qida məhsullarının düzgün saxlanması və dövriyyəsinə dair gigiyenik tələblər izah olunub. Eyni zamanda müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin təşkili, qida təhlükəsizliyi ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və qarşısının alınması yolları barədə təqdimatlar keçirilib. Qeyd edək ki, bu cür təlimlər ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir zamanı qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, qonaqlara göstərilən xidmətin keyfiyyətinin artırılmasına töhfə verəcək.
Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Binəqədi rayonu, B.Atakişiyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Heydərli Heydər Dağlar oğluna məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama aparıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstədiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi, baytarlıq-ekspertiza sənədləri olmayan balıq məhsullarından istifadə edildiyi, qida məhsullarının və qablaşdırma materiallarının birbaşa döşəmənin üzərində saxlandığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin sağlamlıq arayışlarının mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb. Suşi məhsullarından nümunələr götürülərək mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Gəncə şəhəri, H.Əliyev prospekti 112B ünvanında yerləşən, fiziki şəxs Qasımov Kənan Əli oğlunun sahibkarlıq fəaliyyəti göstərdiyi ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl edilmədiyi aşkarlanıb. Qida obyektinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş